Reklam 1 Alanı

Bakıda böyük söküntüyə start verildi:tıkılılərın yerındə park salinacaq, sosıal obyektlər olacaq

Kategori : Xəbərlər - Etiketler : - Tarih : 12 February 2014

Söküntü işlərinin aparılacağı ərazidə yeni yaşayış evlərinin və ya hündürmərtəbəli binaların tikintisi nəzərdə tutulmur. Ümumilikdə, 50 hektara yaxın ərazidə yaşıllıqlar salınacaq.
Böyük Bakının Regional İnkişaf Planına uyğun olaraq, Bakıda evlərin sökülməsinin növbəti mərhələsinə başlanılır. Açıqlanan rəsmi məlumatlara görə, ilkin mərhələdə söküntü işləri Nəriman Nərimanovun abidəsinin ətrafından başlayaraq, Hüseyn Cavid bağına kimi uzanan ərazini əhatə edəcək. Ümumilikdə, 10 min evin sökülməsi planlaşdırılır. Söküntü işləri kifayət qədər böyük bir ərazini əhatə etdiyi üçün bu işlərin 6 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İkinci mərhələdə Tolstoy küçəsi və Əli bəy Hüseynzadə küçələrinin aralığı və Akademik Milli Dram Teatrının arxasından başlayan ərazidə yerləşən evlərin söküntüsünə başlanacaq. Üçüncü, dördüncü mərhələdə Təzə Pir məscidinə yaxın ərazilərdə və beşinci, altıncı mərhələlərdə Əli bəy Hüseynzadə küçəsindən “Nizami” metrosunun arxa hissəsinə kimi ərazilərdə söküntü işləri aparılacaq. El dili ilə desək, söküntü işləri ümumilikdə “Sovetski”, “Papanin”, “Xutor” və “Kubinka” kimi əraziləri əhatə edəcək.

Söküntü işləri zamanı tarixi abidələrin qorunmasına ciddi əhəmiyyət veriləcək. Məsələn, ilkin məlumatlara görə, Təzə Pir məscidinin ətrafında böyük park salınacaq. Məscidin isə həmin ərazidə yenə də fəaliyyətini davam etdirəcəyi bildirilir. Təxminən 50 hektar ərazini əhatə edəcək söküntü işləri zamanı bir sıra yeni tikilən hündürmərtəbəli binaların da sökülməsi gözlənilir. Sevindirici və ürəkaçan məqam odur ki, evlərin yerində park salınacaq, yollar çəkiləcək, sosial obyektlər inşa ediləcək. Yəni ərazidə yenidən yaşayış evlərinin, binaların tikintisi nəzərdə tutulmur. Bu isə o deməkdir ki, paytaxt Bakı, sözün həqiqi mənasında, yaşıllıqlar diyarı olacaq.

Bakı şəhərinin Baş Planına uyğun olaraq, paytaxtın Yasamal rayonu ərazisində, Azərbaycan prospekti, Tolstoy küçəsi, Əli bəy Hüseynzadə küçəsi və Nərimanov prospektinin yaxınlığında, eyni zamanda Nəriman Nərimanovun abidəsindən Hüseyn Cavid bağına kimi uzanan ərazidə yerləşən evlərin sökülməsinə başlanır. Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov deyib ki, sözügedən ərazi böyük olduğundan söküntü işləri 6 mərhələdə həyata keçiriləcək.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavininin sözlərinə görə, ilkin mərhələdə söküntü işləri Nəriman Nərimanovun abidəsinin ətrafından başlayaraq, Hüseyn Cavid bağına kimi uzanan ərazini əhatə edəcək: “Akademik Milli Dram Teatrının arxasından başlayan ərazi, Tolstoy küçəsi və Əli bəy Hüseynzadə küçələrinin aralığı 2-ci mərhələdə, Təzə Pir məscidinə tərəf uzanan ərazilər 3 və 4-cü mərhələlərdə, Əli bəy Hüseynzadə küçəsindən “Nizami” metrosunun arxa hissəsinə kimi ərazilər isə 5-6-cı mərhələdə söküləcək”.

 

Söküntü aparılan ərazilərdə

yaşayış binaları tikilməyəcək

Qış bulvarının davamı olaraq, həmin ərazi abad bir parka çevriləcək. Söküləcək ərazidə ayrı-ayrılıqda yalnız istirahət parkları və sosial obyektlərin tikiləcəyini deyən Səməd İslamov onu da bildirir ki, yeni layihəyə əsasən, ərazidə hər hansı yaşayış binasının tikintisi nəzərdə tutulmur. Söküntü və yeni layihələndirmə işləri Rayon İcra Hakimiyyəti, Maliyyə Nazirliyi, “Azəryolservis” ASC-nın nəzdində olan “Azərekspert” təşkilatı ilə birgə aparılır. Sözügedən qurumlarla bağlanan müqaviləyə əsasən, ilkin mərhələdə ümumilikdə 10 min evin sökülməsi nəzərdə tutulur ki, hazırda 1100-dən artıq ünvanın layihələndirilməsi və qiymətləndirilməsi həyata keçirilib: “Vətəndaşın istifadəsində olan mənzillər var. Uzun illərdir yaşayıb, lakin hələ də sənədləri yoxdur. Amma oranın kommunal xərcləri vaxtında ödənilib. Sənədli evlərlə birlikdə həmin evlərə də indiki bazar qiymətlərinə uyğun olaraq hər kvadratmetri 1500 manatdan pul vəsaiti veriləcək. Eyni zamanda pilləkən qəfəslikləri, yardımçı tikililər, anbarlar da bir qədər aşağı məbləğdə qiymətləndiriləcək və vətəndaşlara müvafiq kompensasiyalar ödəniləcək”. Artıq qarşılıqlı razılaşma əsasında müvafiq vəsaitin 45 ailənin bank hesablarına köçürüldüyünü deyən Səməd İslamov bildirib ki, yaxın  2 ay müddətində söküntü işlərinə başlanacaq. Köçürülən ailələrə ayda 500 manat olmaqla ikiaylıq kirayə pulu da ödənilir.

Təxminən 50 hektar ərazini əhatə edəcək söküntü işləri zamanı bir sıra yeni tikilən hündürmərtəbəli binaların da sökülməsi gözlənilir. İlkin olaraq, Hüseyn Cavid bağından Nərimanov prospekti istiqamətində olan  16 mərtəbəli binanın tamamilə sökülməsi, yerində yeni yol salınması nəzərdə tutulur.

Yorum Yaz
Ad Soyad :
E-mail :
Yorum :

Axtarış

888

Xəbər Lenti

Yunus Əmrə Mədəniyyət Mərkəzinin “ebru” sənəti sərgisi

Zaman Azərbaycan qəzeti

ƏLAQƏ

Bakı şəhəri Yasamal rayonu Mətbuat pr. 58, mənzil 16 Tel.: (+994 12) 539 56 28 Mob:(+994 55) 298 17 55 Email:info@rayonlar.com